Xaçmazın iki yaşayış məntəqəsi mavi yanacaqla təmin olundu - VİDEO

17 2018 17:12

Xaçmazın iki yaşayış məntəqəsində 200-ə yaxın abonent ilk dəfə təbii qazdan istifadə edəcək. Rayonun Şıxlı kəndi və Turist qəsəbəsinin qazlaşdırılması yekunlaşıb. Şıxlı kəndində 116, Turist qəsəbəsində 37 mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. İki yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumi uzunluğu 18 min 690 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Xaçmazın 151 yaşayış məntəqəsindən 111-i “mavi” yanacaqla təmin olunub. Ümumilikdə rayon üzrə 36 min 4 yüz abonent təbii qazdan istifadə edir.