Xaçmazda 24 min hektardan çox sahədə payızlıq əkin aparılacaq- VİDEO

15 Oktyabr 2018 17:40

Xaçmazda fəaliyyət göstərən əsas təsərrüfatlardan sayılan- Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin ərazisində torpağın şumlanması yekunlaşıb. Hazırda su arxlarının açılması, ağır diski, mala və səpin işləri aparılır. Bu il müəssisədə 670 hektar sahədə səpin aparılması nəzərdə tutulub. Bunun 120 hektarını arpa, 550 hektarını isə buğda təşkil edir. Ötən müddət ərzində 100 hektar sahədə səpin aparılıb.

Gün ərzində 25 hektar sahədə səpin aparılır. Əraziyə 7 traktor cəlb olunub. Amma havaların quraq keçməsi təsərrüfatçıların işini çətinləşdirib. Yerin bərk olması səbəbindən texnikalar kəsəyin əzilməsinə daha çox vaxt sərf edir.

Bu il rayonda 24 min 349 hektar sahədə payızlıq taxıl əkilməsi nəzərdə tutulub. Artıq  350 hektar ərazidə səpin işləri yekunlaşıb. Payızlıq əkin üçün 80 traktor cəlb olunub.