Xaçmazda fermerlərə səpinqabağı becərmədə innovativ üsulların əhəmiyyəti izah olunub- VİDEO

18 Oktyabr 2018 16:04

Xaçmazda “Toxumluq əkinlərdə səpinqabağı becərmə işləri və səpinin mütəşəkkil qaydada təşkili” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə fermerlərə toxumluq əkinlərdə innovativ texnologiyaların tətbiq olunmasının əhəmiyyəti izah olunub. Bildirilib ki, elm və qabaqcıl təcrübənin nəticələri göstərir ki, dənli taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul almaq üçün bu bitkilərin becərilməsində mütərəqqi və səmərəli texnologiyalardan istifadə etmək lazımdır. Toxumçuluq kənd təsərrüfatının strateji bir sahəsidir və qarşıda duran əsas məqsədlərdən biri fermerlərin keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənməsidir.

Daha sonra tarlada səpinqabağı becərmə işləri və səpin prosesi ilə əyani tanış olan fermerlərə bu tip innovativ texnologiyaların tətbiq olunmasının əhəmiyyəti izah olunub. Müşavirə iştirakçılarına bildirilib ki, respublika üzrə 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzi istifadəyə verilib və toxumun keyfiyyəti ilə bağlı analizlər bu mərkəzlərin müasir avadanlıqlarla təhciz olunmuş labaratoriyalarında aparılır.

Müşavirədə iştirak edən fermerlər qarşılaşdıqları çətinliklərlə bağlı danışıb, problemlərin həlli ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.