Qubada ailəli qadını qaçıran kişi döyülərək qətlə yetirilib- Video

22 Oktyabr 2018 17:33

Hadisə rayonun Tülər kəndində baş verib. 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov Elşad Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Hadisədən sonra Elşad Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliynin yaydığı məlumata görə, oktyabrın 19-da Quba Rayon Polis Şöbəsinə rayon sakini olan 25 yaşlı qadının itkin düşməsi barədə məlumat daxil olub.

 

Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Araşdırmalarla qadının həmin gün ərinin qohumu tərəfindən öz razılığı ilə qaçırıldığı müəyyən edilib.Oktyabrın 22-də həmin şəxs bu əməli törətdiyinə görə qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülüb və o, aldığı xəsarət nəticəsində hadisə yerində ölüb.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.