“Sosial bağlar” layihəsi çəçivəsində yaradılan təsərrüfatlara baxış keçirilib- Video

23 Oktyabr 2018 17:30

Özünüməşğulluq proqramına dəstək olan “Sosial bağlar” layihəsi çərçivəsində 41 rayon üzrə 125 ailə üçün təsərrüfatlar yaradılır. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən icra olunur. Bu gün nazirlik və ictimai birliyin nümayəndələri Quba və Xaçmaz rayonlarında layihə çərçivəsində yaradılan təsərrüfatlarla tanış olub. Layihə çərçivəsində 41 rayonda yaşayan  ailələr üçün təsərrüfatlar yaradılır. O cümlədən, Quba, Xaçmaz, Qusar,  Siyəzən, Şabran rayonlarında da 17 nəfər üçün layihə çərçivəsində bağ sahələri salınır.

“Sosial bağlar” layihəsi iştirakçılarından 30 nəfəri şəhid ailəsi üzvləri, 28 nəfəri əlilliyi olanlar, qalanları aztəminatlı ailələrin üzvləridirlər.  Layihəyə cəlb olunan vətəndaşlar üçün ilk növbədə müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqların aşılanması məqsədilə təlim kursları təşkil edilib. Kursları bitirərək biznes planlarını uğurla müdafiə edən şəxslərin layihə üzrə təsərrüfatlarının yaradılmasına başlanılıb.

Bu il özünüməşğulluq proqramı çərçivəsində 7 minədək ailənin kiçik ailə təsərrüfatlarının yaradılması planlaşdırılıb. Bunun üçün işsizlikdən sığorta fondunun 2018-ci il üzrə büdcəsindən 35,8 milyon manatın ayrılması nəzərdə tutulub.