Turizm müəssisələrində uçot, hesabatlılıq və audit məsələləri müzakirə olunub- Video

26 Oktyabr 2018 16:46

Xaçmazda keçirilən seminar-müşavirədə bildirilib ki, müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biridir. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Çıxışlarda bu sahədə şəffaflığın artırılması üçün zəruri olan hesabatlılıq və uçota dair maarifləndirmənin, metodiki dəstəyin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Turizmdə dayanıqlı inkişaf, ictimai etimad, sifarişçilərin, müştərilərin sayı həmin sahədə və ya müəssisədə mövcud olan şəffaflığın səviyyəsi ilə birbaşa əlaqədardır. Bu isə öz növbəsində uçotun və hesabatlılığın vəziyyəti ilə müəyyən olunur.

Dünya təcrübəsinə görə şəffaflıq yüksək olan ölkələrə, sahələrə, müəssisələrə və xidmət obyektlərinə daha çox maraq göstərilir. Bu da həmin sahələrdə mövsümiliyin azalmasına, iqtisadi-maliyyə göstəricilərinin yaxşılaşdırılmasına gətirib çıxarır.

Regional müşavirədə “Turizm müəssisələrində uçot, hesabatlılıq və audit”, “Azərbaycanda turizmin ümumi vəziyyəti”, “Regionda turizmin inkişaf perspektivləri” mövzusunda məruzə və çıxışlar edilib. Növbəti regional tədbirlər Gəncə və Qəbələdə keçiriləcək.