Azərbaycan-Rusiya sərhədində yeni miqrasiya bölməsi fəaliyyətə başlayıb- VİDEO

02 Noyabr 2018 15:49

Dövlət Miqrasiya Xidmətinin “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində xidmət bölməsi fəaliyyətə başlayıb. Açılış mərasimində bildirilib ki, yeni miqrasiya bölməsi əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış etmələrini,  onlara operativ və yerində xidmətlərin göstərilməsini təmin edəcək. Bununla yanaşı bölmə miqrasiya sahəsində göstərilən xidmətlərin regiona səfər edən və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün daha əlçatan olmasının təmin edilməsi, onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması və məmnunluğunun artırılmasına xidmət edəcək.

Yeni miqrasiya bölməsi 24 saatlıq iş rejimində fəaliyyət göstərəcək. Xidmət bölməsi təkcə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsindən giriş-çıxış edən əcnəbilərə deyil, ətraf ərazilərdə yaşayan və səfər edən əcnəbilərə də müvafiq xidmətlərin göstərilməsini təmin edəcək. Yaxın günlərdə “Astara” və “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqələrində də Dövlət Miqrasiya Xidmətinin yeni xidmət bölmələrinin fəaliyyətə başlaması nəzərdə tutulur.