Qubada aztəminatlı ailələr üçün 2 hektar alma bağı salınıb- VİDEO

02 Noyabr 2018 16:01

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Quba rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.  Ağac əkmə aksiyası zamanı 2 hektar ərazidə min ədəd alma tingi əkilib. Salınan meyvə bağları Quba yaşayan üç aztəminatlı ailə arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Quba rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyalara ümumilikdə 200  nəfərdən çox yerli gənc könüllü olaraq qoşulub.

Layihənin sosial-iqtisadi əhəmiyyəti əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı,  ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verməsidir.
 
Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə və Lerik rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib. Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla ümumilikdə 15 minə yaxın meyvə ağacları əkilib və 44 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.