Bölgə kitabxanalarında gözdən əlillərə aid nəşrlər azdır- VİDEO

13 Noyabr 2018 16:54

Anadangəlmə görmə qüsurlu olan Musa Paşayev gözdən əlillər üçün yaradılan brayl əlifbası ilə yazmağı və oxumağı bacarır. 2 kitabın müəllifi olan qəhrəmanım gününün çox hissəsini mütaliəyə həsr edir. Xaçmaz Mərkəzi Kitabxanasında brayl əlifbası ilə çap edilən kitabların olmaması, həmçinin “danışan kitabların” azlığı onun kimi digər görmə qüsurluların işini çətinləşdirir.

Respublika Gözdən Əlillər Kitabxanası bütün yaş kateqoriyalarını əhatə edən görmə qüsurluların oxuya bildiyi brayl əlifbası ilə çap edilən  eləcə də səsli ədəbiyyat nümunələri ilə təmin edilib.  Lakin bölgələrdə yaşayan görmə qüsurlular bu sarıdan çətinlik çəkir.

13 noyabr Beynəlxalq Gözdən Əlillər Günüdür. Xaçmazda 200-ə yaxın gözdən əlil var.  Şabran və Qubada gözdən əlillər üçün nəzərdə tutulan kitablar yoxdur. Brayl əlifbası ilə çap olunan kitabların çatışmazlığı və audio vəsaitlərin daha çox uşaq ədəbiyyatı nümunələri olması onları mütaliədən uzaqlaşdırmaqla yanaşı, elm və təhsildən də kənarda qoyur.