“ARB Şimal” 11 yaşını qeyd edir- VİDEO

15 Noyabr 2018 16:48

2007-ci il noyabrın 15-də Xaçmazdan yayıma başlayan “ARB Şimal” on bir illik inkişaf yolunda tamaşaçılarına bir-birindən maraqlı layihələr təqdim edib.“ARB Şimal” hazırda ölkənin ən böyük media tərəfdaşlıq layihəsi olan ARB Media Qrupda təmsil olunur.

Televiziyada daha çox bölgənin istedadlı və perspektivli gənclərinə güvənilir. Bununla yanaşı peşəkar kadrların təcrübəsi də televiziyanın inkişafında öz sözünü deyib. “ARB Şimal”ın efirində Azərbaycanın bir çox tanınmış aparıcıları və incəsənət nümayəndələrinin təqdimatında baxımlı layihələr yayımlanıb.

Telekanal əməkdaşlarının regiondan hazırladığı operativ və dəqiq xəbərlər ölkə mediasının istinad mənbəyinə çevrilib. Televiziyanın Xəbərlər, İctimai-Sosial Proqramlar Departamenti yerli xəbərləri dolğun və operativ işıqlandırdığına görə “Media açarı–2010” mükafatına layiq görülüb. Televiziyada hazırlanan videoçarxlar “Azərbaycan ailəsi-2011”, “Azərbaycan ailəsi–2015” film festivallarında qalib gəlib. Bununla yanaşı, televiziya dəfələrlə ilin region kanalı seçilib, bir sıra beynəlxalq festivallarda nailiyyətlər qazanıb.

Azərbaycandakı region televiziyaları üçün əlçatmaz hesab olunan bir çox uğurlara da imza atıb. “ARB Şimal” ölkəmizdə rəqəmsal yayıma keçən ilk televiziya kanallarındandır. Telekanal artıq dörd ildir ki, yayımını tam rəqəmsal formada gerçəkləşdirir.