Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Xızıda vətəndaşlarla görüşüb- VİDEO

16 Noyabr 2018 15:42

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Xızı şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbul zamanı Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən rayonları sakinlərin müraciətləri dinlənilib. Sakinlər əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə bağlı olub.

Dövlət İmtahan Mərkəzi Xızıda yeni qəbul qaydaları ilə əlaqədar seminarlar təşkil edib.  Toplantıda ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi imtahanının nəticələrinin regional təhlili ilə bağlı təqdimat edilib.

Daha sonra müzakirələr riyaziyyat və fizika dili fənləri üzrə davam etdirilib. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar DİM-in əməkdaşları və fənlər üzrə ekspertlər tərəfindən cavablandırılıb.