“Aqrolizinq” ASC Xaçmazda Şimal regionundakı fermerlərlə maarifləndirci görüş keçirib- VİDEO

17 Noyabr 2018 15:48

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilən “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində Xaçmazda növbəti görüş keçirilib. Görüşdə Xaçmazla yanaşı, Quba, Qusar, Siyəzən, Xızı və Şabran rayonlarında fəaliyyət göstərən fermerlər iştirak edib. Layihənin məqsədi “Aqrolizinq” ASC-nin fəaliyyəti, o cümlədən texnikaların, texnoloji avadanlıqların, damazlıq heyvanların lizinqə verilməsi şərtləri, mineral gübrə və pestisidlərin satışı qaydaları, aqrotexniki xidmətlər barədə fermerləri məlumatlandırmaqdır. Bununla yanaşı , tətbiq edilən elektron xidmətlər, innovativ yeniliklər barədə vətəndaşların interaktiv tanışlığı və maarifləndirilməsi, vətəndaşlara cəmiyyətin əlçatanlığının və yaxınlığının təmin edilməsi istiqamətində kömək etməkdir. Görüşdə kəndli və fermerlərlə mövcud problemlər, onların həlli və verilən təkliflərə dair fikir mübadiləsi aparılıb.

“Aqrolizinq” kənd təsərrüfatının inkişafı ilə bağlı bütün regionlara yeni texnikalar gətirərək onların  lizinq yolu ilə vətəndaşların istifadəsinə verilməsini təmin edir. Cəmiyyət fəaliyyət göstərdiyi   13 il ərzində  Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı və Şabran rayonlarındakı olan 1077 istifadəçiyə lizinq yolu ilə ümumi dəyəri 44 milyon 604 min 667 manat təşkil edən 2935 ədəd kənd təsərrüfatı texnikaları verib. Tədbirin sonunda region üzrə 30-a yaxın vətəndaşa səyyar xidmət olaraq güzəşt müqavilələri təqdim edilib.