Xalq yazıçısı Anar Şabranlı məktəblilərlə görüşüb- Video

28 Noyabr 2018 16:03

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin “Könüllü oxu” layihəsi çərçivəsində keçirilən görüş Şabran Mədəniyyət Mərkəzində təşkil olunub. Yuxarı sinif şagirdlərinin cəlb olunduğu layihənin əsas məqsədi məktəblilər arasında mütaliə vərdişlərinin artırılması və sinifdənxaric oxunun səmərəli təşkilinə töhvə verməkdən ibarətdir. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tədbirdə məktəblilərlə görüşün əhəmiyyətindən danışıb, Azərbaycanın bölgələrində ədəbiyyata böyük marağın olduğunu vurğulayıb. Sonra Xalq yazıçısı məktəblilərin ədəbiyyatla bağlı müxtəlif suallarını cavablandırıb. Şagirdlərin böyük marağına səbəb olan görüşdə görkəmli yazıçının “Ağ qoç, qara qoç” romanı müzakirə olunub.

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Anarın «Ağ qoç, qara qoç» əsəri son illərdə nəşr olunan romanlar içərisində əhəmiyyətli yerlərdən birini tutur. İctimai-siyasi mövzuda qələmə alınan, iki hissədən ibarət əsər «utopik və antiutopik nağıllar» adlandırılıb.  Xalqımızın xoşbəxt gələcək uğrunda, ədalətsizliyə, haqsızlığa qarşı mübarizəsi "Ağ qoç, qara qoç" əsərinin əsas ideyalardandır.

Görüşdə Xalq Yazıçısına ünvanlanan maraqlı sualların müəlliflərinə təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub. Görkəmli yazıçı məktəblilər üçün müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib. Layihə ölkənin digər regionlarında da keçiriləcək.