Qusar Dövlət Ləzgi Dram Teatrı festivala hazırlaşır- Video

28 Noyabr 2018 16:37

Qusar Dövlət Ləzgi Dram Teatrı görkəmli rejissor Vaqif İbrahimoğlunun  xatirəsinə həsr olunan “ Boş məkanın dolğunluğu” adlı respublika teatr festivalına hazırlaşır. Festivalın şərtlərinə görə, tamaşalarda dekorasiyalardan istifadə edilməyəcək. Aktyor boş səhnəni öz oyunu və bədii ifadə vasitələri ilə doldurmalıdır. Festivala təqdim  edilən tamaşada iştirak edən aktyorların sayı 5 nəfərdən çox olmamalıdır. Teatrın kollektivi müsabiqəyə İsgəndər Coşqunun “Çal, oyna” nağıl-tamaşası ilə qatılacaq.

Səhnə əsərinə rejissor Laləzar Hüseynova quruluş verib. Quruluşçu rəssam Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur. Festival fevralın 4-dən start götürəcək. Qusar Dövlət Ləzgi Dram teatrı hazırda balacalar üçün “Qış nağılı”, 20 Yanvar ümumxalq hüzn gününə həsr edilən “Əsir Qadın” tamaşaları  üzərində də çalışır. Yeni il ərəfəsində kollektivin şimal bölgəsinin digər rayonlarına qastrol səfərləri gözlənilir.