Xaçmazda “Bağçılığın inkişafına dair” regional sərgi-konfrans keçirilib- Video

18 Dekabr 2018 16:24

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilən konfransda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən olduğunu vurğulayıb.  Son illər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müasir texnologiyalara əsaslanan, illik emal gücü 120,8 min ton olan 14 meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması məqsədilə 57,7 milyon manat və illik istehsal gücü 2,6 min ton quru meyvə olan 6 quru meyvə istehsalı müəssisəsinə 6,6 milyon manat güzəştli kredit verilib.

Konfransda bildirilib ki, bağçılığın inkişafında mühüm əhəmiyyət kəsb edən sahələrdən biri də logistik mərkəzlərdir. 2009-cu ildən etibarən kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə müasir logistik mərkəzlərin inşasına başlanılıb. İndiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən tutumu 347,1 min ton olan 53 logistik mərkəzin yaradılmasına 170,5 milyon manat, o cümlədən Quba-Xaçmaz iqtisadi rayonu üzrə tutumu 70,5 min ton olan 14 logistik mərkəzin yaradılmasına 41,6 milyon manat güzəştli kredit ayrılıb.

Tədbir çərçivəsində sahibkarlarla ənənəvi bazarlarda ölkəmizin mövqeyinin daha da gücləndirilməsini, potensial bazarlarda məhsullarımıza olan tələbatın artdığını nəzərə alaraq mövcud bağların bərpa edilməsi və yeni bağların salınması istiqamətində müzakirələr aparılıb.