Quba- Xaçmaz yolunda baş verən qəza 3 nəfərin həyatına son qoyub- Video

10 2019 14:42

Quba-Xaçmaz yolunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Yolun Zərdabi qəsəbəsindən keçən hissəsində “Ford” markalı yük avtomobili “VAZ 21 010” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan  sərnişinlər-  17 yaşlı Quba  rayon, Barlı kənd sakini Abbasov Zakir Eldəniz oğlu, 16 yaşlı Xaçmaz rayon, Arzu qəsəbə sakini Qasımov Coşqun Kamil oğlu və 33 yaşlı Xaçmaz rayon, Padar kənd sakini Tanrıverdiyev Nahid Teymur oğlu dünyasını dəyişib. Deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

“VAZ 21 010”nun sürücüsü 40 yaşlı Qubanın Rustov kənd sakini Seyidəhmədov Ramil Əlfəddin oğlu Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən sürücünün vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.