Cəfər Cabbarlının Xızıdakı ev muzeyində yazıçıya aid müxtəlif əşyalar qorunur- Video

12 2019 14:41

1899-cu ildə Xızıda dünyaya göz açan dahi şair, yazıçı, dramaturq Cəfər Cabbarlının doğulduğu ev hər il minlərlə insanın ziyarət etdiyi tarixi muzeyə çevrilib. 1956-cı ildə yazıçının həyat yoldaşı Sona xanımın təşəbbüsü ilə muzey kimi fəaliyyətə başlayan evdə 600-ə yaxın eksponat var. Xızı şəhərində yerləşən və dramaturqun cəmi 2 yaşına qədər yaşadığı ev 1969-cu ildə rəsmi muzey statusu alıb.

Eksponatların əsas hissəsini Cəfər Cabbarlının ailəsinin məişətdə istifadə etdiyi əşyalar təşkil edir. Bundan başqa muzeydə  yazıçın kitabları, səhnəyə qoyulan əsərlərindən foto şəkillər, arxiv  sənədlər, müxtəlif mətbuat orqanlarında çap edilən məqalələri nümayiş olunur.

Prezident İlham Əliyev bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Xızıda Cəfər Cabbarlının ev muzeyi ilə yanaşı,  abidəsi də ucaldılıb.