Azərbaycan- Rusiya sərhədində inşa olunan körpü bu il istifadəyə veriləcək- Video

09 2019 11:02

Azərbaycan-Rusiya dövlət sərhədində hər iki ölkənin nümayəndə heyətləri “Yaraq-Qazmalar” sərhəd buraxılış məntəqəsində yenidənqurma və rekonstruksiya işlərinə, “Samur” sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçiriblər.

Baxışda Azərbaycan tərəfdən iqtisadiyyat naziri Şahin Mustafayev, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya tərəfdən isə bu ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və başqaları iştirak ediblər.

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov tikintidə mövcud vəziyyət və görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, yeni körpünün inşasının bu ilin noyabrında başa çatdırılması, dekabrda isə istifadəyə verilməsi nəzərdə tutulur.

Sərhəd-keçid məntəqəsində görülən işlərlə tanışlıqdan sonra iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində bildirib ki, ölkələrimizin əlaqələri yüksək səviyyədədir və uğurla inkişaf edir. Rusiya qeyri-neft məhsullarının idxalı və ixracı üzrə Azərbaycanın ən böyük tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi ilbəil artmaqdadır, təkcə keçən il bu rəqəm 20 faizədək artıb. Bu potensial daha yüksəkdir və onun artırılması istiqamətində işlər görülür.

Xatırladaq ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb. Körpünün tikintisinə 2017-ci il oktyabrın 18-də başlanılıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünün yerində tikilir. Uzunluğu 325,3 metr, eni 17,3 metr təşkil edəcək körpü üç hərəkət zolağından ibarət olacaq.