Qubada İcma əsaslı Uşaq Təhsil Mərkəzlərinə media-tur təşkil olunub- Video

13 2019 17:02

İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbinə təşkil edilən media-tur zamanı  qonaqlar İcma əsaslı Uşaq Təhsil Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində fəaliyyət göstərən mərkəzdə məşğələlərə 22 nəfər 3-4 yaşlı uşaq cəlb olunub. Layihəyə uyğun olaraq, mərkəzdə dərslər  hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə təşkil olunur. Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanmış proqram əsasında keçirilir.  

Qəçrəşlə yanaşı II Nügədi kənd 3 nömrəli tam orta və Çartəpə kənd ümumi orta məktəbində İcma əsaslı Uşaq Təhsil Mərkəzi yaradılıb. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası - sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir.

İcma əsaslı Uşaq Təhsil Mərkəzləri ölkənin 10 rayonundakı məktəbləri əhatə edir. Layihə çərçivəsində ümumilikdə 50 İcma əsaslı Məktəbəqədər Təhsil Mərkəzində  1000 nəfərə yaxın uşaq təhsilə cəlb edilib.