Şabranda Novruz bayramı öncəsi ənənəvi at yarışları keçirilib- Video

14 2019 15:42

Martın 14-də Şabranda Novruz bayramı münasibətilə təşkil olunan ənənəvi at yarışlarının qalibləri müəyyənləşib. Yarışın final mərhələsi rayonun Rəhimli kəndində keçirilib. Finalçılar 68 kəndi və Şabran şəhərini təmsil edən iştirakçılar arasından seçilib. Bu mərhələdə birincilik uğrunda 20 çapar mübarizə aparıb.

Altı mərhələdən ibarət yarışda Söhbətli kəndini təmsil edən Nazim Kərimov “Qaşqa” ləqəbli atı ilə qalib gəlib. Uzunboyad kənd sakini Məmmədağa Eynullayev “Vaska” ləqəbli atla ikinci, Ağalıq kəndindən olan Rəşad Ələkbərov “Xallı” ləqəbli atla yarışı üçüncü pillədə başa vurublar. Bütün iştirakçılara həvəsləndirici mükafatlar, finişə birinci çatan Nazim Kərimova isə yarışın kuboku təqdim olunub.

Mərasimdə qədim ənənələrimizi, Novruz adətlərini tərənnüm edən kompozisiyalar, milli mətbəximizin nümunələri, həmçinin yerli incəsənət nümayəndələrinin ifasında konsert proqramı nümayiş etdirilib.

Şabranda artıq 12-ci ildir Novruz bayramı ərəfəsində at yarışları təşkil olunur.