Qubada keçirilən elmi simpozium çərçivəsində sakinlər ödənişsiz tibbi müayinələrə cəlb olunub- Video

16 2019 15:09

Qubada “Talassemiyasız həyat naminə” simpoziumu təşkil olunub.  Simpoziumda çıxış edənlər ölkəmizdə səhiyyə sahəsində, o cümlədən talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlardan danışıb. Bildirib ki, həyata keçirilən işlər, eyni zamanda maddi-texniki bazanın gücləndirilməsi bu xəstəliyin müalicəsində və profilaktikasında mühüm rol oynayır. Tədbirdə Talassemiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə layihələri, respublikanın müxtəlif bölgələrində keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib. Eləcə də, talassemiyanın müalicə və diaqnostikası, qarşısının alınması yolları və bu sahədə Talassemiya Mərkəzinin təcrübələri, xəstəliyin laborator və prenatal diaqnozu, infeksion və kardiak ağırlaşmalar və psixososial problemlərə dair məruzələr ətrafında müzakirələr aparılıb.

Layihə çərçivəsində Talassemiya Mərkəzinin mütəxəssisləri Quba Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı xəstələrin müalicəsi üzrə kabinetlərin işi ilə tanış olublar. Həmçinin tibb müəsissəsində talassemiya daşıyıcılığını müəyyən etmək məqsədilə ödənişsiz tibbi müayinələr təşkil olunub.