Turistlər arasında məşhurlaşan turizm məkanlarından biri- Qrız kəndi- Video

30 2019 09:14

Qrız kəndin girişində bizi ilk qarşılayan ölkənin ən hündür körpüsü oldu. Qudyalçay üzərində yerləşən Qrız körpüsü 20 metr hündürlükdədir. Çətinliklə də olsa kəndə çata bildik. Planlaşdırdığımız marşruta əsasən Qrıza gələn turistlərin ən çox üz tutduğu şəlaləyə getməliydik. O şəlalə ki, axan vaxtlarını görmək üçün gərək yayda bura gələsən. Bu təbiət nemətinin özəlliyini görməyin ən uyğun vaxtı isə elə soyuq aylardı.

Qrızı məşhur edən bir də Abdurəhman babadı. Turistlərin ta öz ölkələrində adını eşidib üzünü görmək üçün yola çıxdıqları Abdurəhman baba. Özünəməxsus bığı ilə məşhur olan babaynan şəkil çəkdirmək istəyən turistlər isə dəhyək, yəni pul ödəməlidir. 85 ildir Qrızda yaşayan Abdurəhman babanın bu kənddə gördüyü təkcə turistlər yox, həm də təbiətin yaşatdığı çətinliklər olub.

Kəndə səyahət edən turistlər gündəlik cüzi məbləğ ödəməklə evlərdə qala və gün ərzində 3 dəfə qidalana bilərlər. 

Aran insanının bu yerlərdə uzun müddət yaşaya bilməsi nə qədər mümkündür, bunu deyə bilmərəm, amma qısa müddətə turist kimi Qrıza üz tutanları burada yalnız sakitlik, rahatlıq, istirahət gözləyir. İstirahət demişkən, burada internet də yoxdu.