Ölkənin ilk uşaq telekanalı- “ARB Günəş” 4 yaşını qeyd edir- Video

01 2019 15:47

Azyaşlı tamaşaçıların sevərək izlədiyi “ARB Günəş”  2015-ci il aprelin 1-də fəaliyyətə başlayıb. Telekanal efir vaxtını bütünlüklə uşaqlara həsr edir. Televiziya azyaşlı izləyicilərə azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edir. Ölkənin ilk uşaq kanalında dublyaj studiyası fəaliyyət göstərir. Xarici dildə olan cizgi və animasiya filmləri ana dilimizə tərcümə olunaraq azyaşlı izləyicilərə təqdim olunur. 

 “Biz gələcəyik”, “Yuxunuz şirin olsun”,  “Gəlin oynayaq”, “Xəbərdar ol”, “Mən məktəbli ikən”, “Kiçikdən - böyüyə” və digər verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, mütaliə vərdişləri öyrədilir, izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır.

 “ARB Günəş” Qarabağ mövzusu və cəbhə bölgəsində yaşayan uşaqlar həyatını əks etdirən videoçarxlar hazırlayıb. Türkiyənin keçirilən ənənəvi Beynəlxalq Uşaq Mediası Konfransında ölkəmizi hər il  “ARB Günəş”in nümayəndə heyəti  təmsil edir. Televiziya 10 aprel 2015-ci ildən yayımını “Azerspace 1” peyki vasitəsilə həyata keçirir. “ARB Günəş”i kabel televiziyalarında, eləcə də internetdə onlayn izləmək mümkündür.