"Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı Xaçmazda- Video

26 2019 15:05

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalına parklar və muzeylər şəhəri Xaçmaz ev sahibliyi edib.

Heydər Əliyev adına parkda respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirakı ilə keçirilən festival bölgə sakinləri tərəfindən böyük coşqu ilə qarşılanıb.

Regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir incəsənət növləri olan ekibanu, kvilinq, qobilen sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət növlərinin sintezi ilə hazırlanmış əsərləri də nümayiş ediblər.

Festivalın ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə, şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Festival bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalı keçirilir. İki ay davam edən festival may ayında yekunlaşacaq.