Xaçmaz çimərliklərində dəniz suyunun müayinəsi aparılır- Video

29 2019 15:49

Xəzər dənizinin Xaçmaz rayonu ərazisindəki beş müxtəlif çimərlikdən su nümunələri götürülərək, müayinə üçün laboratoriyaya göndərilib.

Nabran istirahət zonasında çimərlik mövsümünün başlanması ilə əlaqədar son hazırlıq işləri görülür. İstirahət mərkəzlərinin sahibləri obyektlərində şəraitin yaxşılaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün çalışdığı bir vaxtda, əlaqədar qurumlar da dəniz suyunun tərkibinin müayinəsini həyata keçirir.

Xaçmaz Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən su nümunələri götürülən çimərliklərin əksəriyyəti yay mövsümündə turistlərin daha çox üz tutduğu Nabran istirahət zonasındadır.

Mərkəzin həkimi Balasultan Məcidov bildirib ki, aprel ayından başlayaraq yoxlamalar artıq 2 dəfə aparılıb. Dəniz suyunun müayinəsi çimərlik mövsümü boyunca, ay ərzində iki dəfə olmaqla, oktyabradək davam etdiriləcək.