Xaçmazda 4 yaşayış məntəqəsini birləşdirən yol əsaslı təmir olunur- Video

09 2019 16:35

Xaçmazda 3 min nəfərdən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmirinə başlanılıb. 11 kilometr uzunluğundakı yolun yenidən qurulması Çinartala, Manafoba, Ağaşirinoba və Qıraqlı kənd sakinlərinin rayon mərkəzinə gediş gəlişini rahatlaşdıracaq.Uzun illərdir təmir işləri aparılmadığından torpaq və çınqıl örtüklü yolda avtomobillərin hərəkəti üçün bir sıra çətinliklər yaranırdı.

Təmir işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumu tərəfindən həyata keçirilir. Tikinti layihəsinə uyğun olaraq yeni yol əsası inşa edilir. İşlərin ilkin mərhələsi başa çatdıqdan sonra yolun asfaltlanması işləri aparılacaq.

Başlanğıcının respublika əhəmiyyətli Gəndob-Yalama yolundan götürən Çinartala-Qıraqlı avtomobil yolunun təmiri may ayı ərzində başa çatdırılacaq. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası sahəsində mühüm layihələrin icrası uğurla davam edir. Hazırda Xaçmazda turizm əhəmiyyətli Xudat-Nabran avtomobil yolunun asfaltlanması və Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu yenidən qurulması işləri də davam etdirilir.