35 metr hündürlüyündəki “Xaçmaz qülləsi”nin açılışı olub- Video

11 2019 15:42

Xaçmaz şəhərindəki “Çənlibel” parkında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsinin və yeni inşa olunan 35 metr hündürlükdəki “Xaçmaz qülləsi”nin açılışı olub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə təsadüf edən açılış mərasimində Xaçmaz sakinlərinə konsert proqramı təqdim edilib. Şəhərin girişində yerləşən səkkizmərtəbəli qüllə “Çənlibel” parkına əlavə gözəllik verir. Qüllədə uşaq əyləncə mərkəzi və müşahidə məntəqəsi fəaliyyət göstərəcək.

Qüllənin hər birinin sahəsi 100 kvadratmetr olan ilk 4 mərtəbəsi uşaqların ixtiyarına veriləcək. Yuxarı mərtəbələr isə şəhəri müşahidə etmək üçün nəzərdə tutulub. Parkda dincələnlər burada quraşdırılan durbinlər vasitəsilə uzaq məsafədə yerləşən mənzərələri də seyr edə biləcəklər. Qüllənin başında isə hər tərəfdən görünən 4 saat quraşdırılıb.

“Çənlibel” parkı Xaçmaz şəhərinin giriş hissəsində yerləşdiyindən buranı yerli sakinlərlə yanaşı, çoxsaylı turistlər də ziyarət edir. Altı hektara yaxın ərazisi olan parkda xalq qəhrəmanı Koroğlunun at üstündə heykəli ucaldılıb. Burada çoxsaylı əyləncə və iaşə obyekti də fəaliyyət göstərir.