Qusar Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan 10 körpəyə doğum şəhadətnamələri verilib- Video

01 2019 15:05

Qusar Rayon Mərkəzi Xəstəxanasında yeni doğulmuş 10 körpəyə doğum haqqında şəhadətnamələr təqdim olunub. Səhiyyə Nazirliyinin təşəbbüsü ilə keçirilən mediatur çərçivəsində təşkil olunan aksiyada doğum şəhadətnamələri alan körpələrin yeddisi oğlan, üçü isə qızdır.

Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalov media nümayəndələrinə müsahibəsində bildirib ki, bu 10 körpə mayın 25-də dünyaya gəlib. Həmin gün isə güclü külək səbəbindən rayonda elektrik enerjisi kəsilmişdi. Elektrik enerjisinin verilişində bir sıra çətinliklər yaransa da, xəstəxana fəaliyyətini tam gücü ilə davam etdirib. Tibb müəssisəsində stasionar müalicə alan, eləcə də doğum şöbəsinə müraciət edən vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərilib.

Körpələrə doğum haqqında şəhadətnamələr Qusar Rayon Qeydiyyat Şöbəsinin əməkdaşları tərəfindən xəstəxanada səyyar şəkildə təqdim olunub.

Qusar Rayon Mərkəzi Xəstəxanasında əhaliyə göstərilən tibbi xidmət, səhiyyə müəssisəsinin mövcud imkanları, eləcə də kadr potensialı ilə tanışlıq məqsədilə təşkil olunan mediaturun iştirakçıları da körpələrə doğum şəhadətnamələrinin verilməsi sevincini valideynlərlə birgə yaşayıb.

Daha sonra jurnalistlərə müəssisəsinin fəaliyyət imkanları haqqında ətraflı məlumat verilib.

Xəstəxanada şüa-diaqnostika, qəbul, təcili tibbi yardım, poliklinika, doğum, ginekologiya, pediatriya, terapiya, cərrahi-stasionar, anesteziologiya, reanimasiya şöbələri, qadın məsləhətxanası, əməliyyat bloku yaradılıb. Qusar Rayon Mərkəzi Xəstəxanasında quraşdırılan ən müasir tibbi cihazlar, avadanlıqlar istənilən müayinə və müalicənin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir.

Bu cür müasir tibb müəssisəsi yalnız Qusar sakinlərinə deyil, eyni zamanda, region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan verir.

Jurnalistlər xəstəxananın bölmələrini gəzib, müasir avadanlıqlarla tanış olublar.