“Çıraqqala” Tarixi Qoruğunda təmir-bərpa işləri aparılacaq- Video

11 2019 15:39

Böyük İpək yolunun qorunması məqsədi daşıyan Gilgilçay müdafiə səddinin ən yüksək nöqtəsi olan Çıraqqala dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır.  Alimlərin araşdırmalarına görə, qala Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilib və Gilgilçay səddinin baş qarovulxanası olub. Əlverişsiz relyefdə yerləşən  möhtəşəm tikilini ötən il 1000-ə yaxın turist ziyarət edib. Bu ilin 5 ayında isə Çıraqqalaya 400-ə yaxın ziyarətçi gəlib.

Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən 4-ü salamat qalıb. Hündürlüyü 120 metr olan sıldırım qaya üzərində ucalan baş qüllə uzaqdan daha əzəmətli və möhtəşəm görünür.

Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır.  Ərazidə təmir işləri aparıldıqdan sonra ölkə tarixinin qədimliyini xarici qonaqlara nümayiş etdirmək üçün ərazidə turistlərin rahat hərəkəti məqsədi ilə infrastrukturun qurulacağı da deyilir.