Qubada keçiriləcək Mətbəx Festivalına 15 minə yaxın turist gələcək- Video

10 2019 13:33

Regional Mətbəx Festivalının Qubada təşkil olunması heç də təsadüfi deyil. Çünki Quba və Qusar rayonları ölkəmizin şimal bölgəsinə gələn turistlər arasında ən populyar səyahət istiqamətidir. Quba-Xınalıq turizm marşrutu, əsrarəngiz təbiətə malik Qəçrəş meşəsi, tarixi 5-6 min əvvələ gedib çıxan Xınalıq kəndi, şəlalələr diyarı adlandırılan Ləzə kəndi, Şahdağ Turizm Mərkəzi regionda turistlərin ən çox ziyarət etdiyi istirahət məkanlarıdır. Qubanın  paytaxta məsafə baxımından yaxın region olması da turist axınında böyük rol oynayır. Bununla yanaşı Qubaya gələn qonaqlar arasında dünyanın istənilən ölkəsinin vətəndaşına rast gəlmək mümkündür.

İyulun 27-28-də keçiriləcək Regional Mətbəx Festivalında Qubanı daha 15 mindən çox yerli və xarici qonağın ziyarət edəcəyi gözlənilir. Festivalda yerli və regional icma nümayəndələrinin, region istehsalçılarının və turizm sahəsi peşəkarlarının məhsulları qonaqlara təqdim olunacaq.

Qubaya gələn turistlər Quba-Xınalıq, Quba-Afurca, Quba-Ləzə və Quba-Xanəgah marşrutlarından faydalana bilərlər.