Qubada Regional Mətbəx Festivalı keçirilib- Video

29 2019 13:14

Quba şəhərində Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan Regional Mətbəx Festivalı yerli sakinlər və turistlər tərəfindən böyük maraqla qarşılanıb. İyulun 27-də şəhərin Nizami Gəncəvi adına istirahət parkında festivalın açılış mərasimi keçirilib.

Festival iştirakçıları əvvəlcə “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalarla tanış olublar.

Qonaqlara Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə qədim zamanlardan bişirilən milli yeməklər təqdim edilib. Bölgədə yaşayan azsaylı xalqların özünəməxsus mətbəx nümunələri tədbir iştirakçılarında böyük maraq oyadıb.

Festivalda yerli və regional icma nümayəndələrinin, yerli istehsalçıların və turizm sahəsinin peşəkarlarının məhsulları da nümayiş etdirilir.

Tədbirdə Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi də iştirak edib. Milli mətbəx nümunələri ilə tanış olan qonaqlar, ləziz təamların dadına baxıblar.

Regional Mətbəx Festivalına təşkilatçılığı Xaçmaz Regional Mədəniyyət İdarəsi və Quba Destinasiya Menecmenti Təşkilatı, tərəfdaşlığı isə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi edib.

İki gün davam edən festival çərçivəsində qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçirildiyi “Əsas səhnə” və uşaqlar üçün “Əyləncə parkı” zonası fəaliyyət göstərib.