Quba almasının kütləvi yığımına başlanılır- Video

11 2019 14:25

Gələn həftədən etibarən Qubanın alma bağlarında kütləvi məhsul yığımına başlanılır.

Rayonun fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün hazırlıq işlərini başa çatdırıblar. Bağlarda cərgə araları təmizlənib, meyvə toplanacaq ərazilər və saxlanclar hazır vəziyyətə gətirilib.

Şimal bölgəsinin alma bağlarında daha çox məhsuldarlığı ilə seçilən “Qolden”, “Simirenko” sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qrani smit”, “Fuji” sortlarına üstünlük verir.

Məhsuldarlıq daha çox intensiv və superintensiv alma bağlarında müşahidə olunur. Müasir suvarma üsulunun tətbiqi və yeni növlərin ənənəvi bağlara nisbətən daha məhsuldar olması bağbanların bu sahəyə marağını artırıb.

Qubada 13 min 484 hektar alma bağı var ki, bunun da 11 min hektara yaxını intensiv və superintensiv bağlardır. Ötən il rayonun alma bağlarından 125 min 418 ton məhsul toplanıb.