Dövlət Komitəsi Qubanın ucqar kəndində vətəndaşlara xidmət göstərib- Video

13 2019 16:47

Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar ofisləri Qubanın ən ucqar dağ kəndlərində vətəndaşlara xidmət göstərib.

Mobil qeydiyyat xidməti tərəfindən rayonun Susay, Alpan, Kürkün, Uzunmeşə və Gəray kəndlərində vətəndaşlara birbaşa qeydiyyat xidməti göstərilib, sakinlərdən əmlaka dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanıb.

Səyyar ofislərin xidmət göstərdiyi kəndlər dəniz səviyyəsindən təqribən 1200 metrdən çox yüksəklikdə, rayon mərkəzindən 25 kilometr aralıda yerləşir. Mobil qeydiyyat xidməti həmin yaşayış məntəqələrində yaşayan sakinlərin rayon mərkəzinə gəlməsini aradan qaldıraraq təsərrüfat işləri ilə məşğul olan insanların vaxtlarını daha səmərəli planlaşdırmasına imkan yaradıb.

Ümumilikdə həmin kəndlərdən olan 50-dək sakinə qeydiyyatla bağlı xidmət göstərilib. Alpan kəndinin 17, Susayın 14, Kürkünün 9, Uzunmeşənin 7, Gərayın 3 sakinindən əmlaklarına dair ilkin sənədlər toplanıb. Əldə edilən ilkin sənədlər fərdi yaşayış evinə, həyətyanı torpaq sahələrinə, kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir.

Eyni zamanda, komitə əməkdaşları çıxarış əldə etmək istəyən bir neçə ahıl və fiziki məhdudiyyətli vətəndaşın səyyar ofisə yaxınlaşmadan birbaşa evlərində qeydiyyat xidmətlərindən istifadəsini təmin edib. Vətəndaşlar göstərilən bu xidmətdən razılıqlarını ifadə ediblər.

Əmlakın ilkin qeydiyyatı, yəni ilk dəfə sənədləşdirilməsi zamanı çöl-ölçmə işinin aparılması tələb olunur. Kampaniya çərçivəsində işlər elə təşkil edilib ki, ilkin qeydiyyat üçün sənədlər qəbul edilərkən sakinlərin istəklərinə uyğun olaraq birbaşa çöl-ölçmə işləri də aparılır. Bununla da qeydiyyat prosesində vaxt itkisi tamamilə aradan qaldırılır. Məhz bu kampaniya çərçivəsində bir sıra sakinin əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki sənədlərinin hazırlanması məqsədilə tədbirlər görülür.

Səyyar xidmət çərçivəsində sakinlər üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilib. Sakinlərin diqqətinə çatdırılıb ki, artıq əmlaklara dair çıxarışlar kağız formasında deyil, elektron qaydada əldə edilir. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalına yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir.

Əmlak Məsələləri Dövlət Komitəsinin mobil ofisləri respublikanın digər regionlarında da ucqar dağ kəndlərində vətəndaşlara səyyar xidmət göstərəcək.