Qubanın Qonaqkənd qəsəbəsinə təbii qaz veriləcək- Video

19 2019 16:22

Qubanın qədim yaşayış məntəqələrindən olan Qonaqkənd qəsəbəsinin sakinləri üçün bu il sosial infrastruktur layihələrinin icrası ilə əlamətdardır. Rayon mərkəzindən 46 kilometr məsafədə yerləşən yaşayış məntəqəsinə müasir yol çəkilməsinin ardınca, Qonaqkənd qəsəbəsinin qazlaşdırılması işləri həyata keçirilir.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən görülən işlər yekunlaşdıqdan sonra geniş turizm imkanlarına malik qəsəbədə, ümumilikdə, 300-dən çox abonent yüksəktəzyiqli təbii qazla təmin olunacaq.

Qonaqkəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 30 min metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılır.

Bu il şimal regionunda 16 yaşayış məntəqəsi qazlaşdırılacaq. Bunun da 12-si Quba rayonuna aiddir. Qazlaşdırılan kəndlərdə, ümumilikdə, 2 min 623 abonent ilk dəfə təbii qazdan istifadə edəcək. Qazlaşdırma işləri ilin sonuna kimi başa çatdırılacaq.