Siyəzəndə səmt qazının yığılması məqsədilə yeni kompressor stansiyası istifadəyə verilib- Video

23 2019 17:22

 Siyəzəndə, SOCAR-ın əməliyyatçı olduğu “Zağlı-Zeyvə” yatağı ərazisində səmt qazının yığılması məqsədilə quraşdırılmış kompressor stansiyasının açılışı olub.

Kompressor stansiyası SOCAR və BMT İnkişaf Proqramının (BMT İP) Azərbaycan nümayəndəliyi tərəfindən birgə həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsi çərçivəsində inşa edilib.

Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT İP-nin Azərbaycan ofisinin rəhbəri Alessandro Frakassetti və SOCAR-ın ekologiya üzrə vitse-prezidenti, layihənin rəhbəri Rəfiqə Hüseynzadə iştirak ediblər.

Spesifik vəzifəsi SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləməkdən ibarət olan NAMA layihəsinin 3-cü komponenti çərçivəsində SOCAR-ın “Siyəzənneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) “Zağlı-Zeyvə” yatağı pilot ərazi olaraq seçilib və burada səmt qazının yığılması məqsədilə birgə işlər görülüb. Ərazidəki 3 qaz yığım məntəqəsində yeni kompressor və separator avadanlıqları, soyuducu sistemlər və onlayn nəzarət sistemi quraşdırılıb, 32 kilometrlik əsas qaz boru xətti çəkilib. İki il ərzində davam etmiş layihənin icrası nəticəsində ildə 6,8 milyon kubmetr səmt qazının yığılması planlaşdırılır. Layihənin başlıca özəlliyi yığılacaq səmt qazının emal olunduqdan sonra əhalinin istehlakına yönəldilməsidir. Beləliklə, 15 ətraf kənd üzrə 1250 abonentin təbii qazla təchizatı təmin olunacaq.