Xaçmazda əhalinin siyahıyaalınması üçün 12 məntəqə yaradılıb- Video

04 Oktyabr 2019 15:31

Siyahıyaalınmada istifadə edilən sorğu vərəqəsində 46 , siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla, ümumilikdə, 52 sual əks olunub. Siyahıyaalma vərəqəsi ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri kimi mühüm göstəricilər üzrə suallar öz əksini tapıb.

Bu ilki siyahıyaalmada əvvəlkilərdən fərqli olaraq, suallar daha geniş formada tətbiq edilməklə yanaşı, ilk dəfə olaraq insanların sağlamlığı, eləcə də əlilliyi və sağlamlıq imkanlarında məhdudluqla bağlı suallar da yer alıb. Xaçmazda əhalinin siyahıyaalınması üçün 12 siyahıyaalma, 113 təlimatçı və 565 sayıcı məntəqəsi yaradılıb. Bu məntəqələrdən üçü Xaçmaz, biri Xudat şəhərlərində, qalan səkkizi isə kəndlərdə fəaliyyət göstərir.

Siyahıyaalma, təlimatçı və sayıcı məntəqələri üzrə işə cəlb edilən bütün işçilər təlimatlandırılıb, əhalinin maarifləndirilməsi məqsədilə müxtəlif təşviqat materiallarından, əyani vasitələrdən istifadə edilib. Əhalinin siyahıyaalınması dövlət başçısının fərmanına əsasən, bu il 1- 10 oktyabr tarixlərini əhatə edir.