Xaçmazda səmti müəyyən etmə idman növü üzrə ölkə çempionatının qalibləri müəyyənləşib- Video

07 Oktyabr 2019 15:14

Samur-Yalama Milli Parkının Xaçmaz rayonunda yerləşən meşə zolaqlarında keçirilən səmti müəyyən etmə idman növü üzrə açıq respublika çempionatının qalibləri müəyyənləşib.

İki gün davam edən yarışda nazirlik, idarə, təşkilat və güc strukturlarını, klub və federasiyaları, idman cəmiyyətlərini, ali təhsil müəssisələrini təmsil edən 250 idmançı mübarizə aparıb. Bununla yanaşı, yarışa Finlandiyadan da 60 idmançı qoşulub.

Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi yarışda həm komanda hesabında, həm də fərdi mübarizədə qaliblərin adları müəyyənləşib.

Uzun və orta məsafə üzrə keçirilən turnirdə idmançılar 14 yaş kateqoriyası üzrə yarışıblar.

Gərgin keçən mübarizədən sonra “Dağçılıq” idman klubunun üzvləri komanda hesabında açıq respublika çempionatının kubokunu qazanıb. “Neftçi” klubunun üzvləri ikinci, Müdafiə Nazirliyinin komandası isə üçüncü olub.

Qalib idmançılara və komandalara medal və diplomlar təqdim edilib.

Elektron qeydiyyat sisteminin tətbiqi ilə keçirilən yarışda idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələrindən istifadə olunub.

Mükafatlandırma mərasimində qeyd olunub ki, bu kimi yarışlar səmti müəyyən etmənin ölkəmizdə kütləvi idman növü kimi tanınması, sağlam həyat tərzi və ətraf mühitə qayğı ilə yanaşmanın təbliği üçün keçirilir. Bununla yanaşı, turnir ölkənin səmti müəyyən etmə idman növü üzrə milli yığma komandası üçün idmançıların üzə çıxarılması baxımından da böyük əhəmiyyətə malikdir.