"Azərxalça" gələn ildən boyaq bitkilərinin tədarükünə başlayacaq- Video

07 Oktyabr 2019 15:42

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2020-ci ildən boyaq bitkilərinin tədarükünə başlayacaq. Bu proses respublikamızda ilk dəfə həyata keçirildiyindən maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Məqsəd boyaq bitkiləri, onların toplanma üsulları barədə əhalini maarifləndirməkdir. Ona görə də bu ildən bölgələrdə əhali ilə görüşlər keçiriləcək. İlk belə tədbir Quba rayonunun Təngəaltı kəndində təşkil olunub.

Tədbirdə “Azərxalça” ASC-nin idarə heyətinin sədri, professor Vidadi Muradov çıxış edərək son illər ölkəmizdə xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, hazırda “Azərxalça”nın respublikamızın bölgələrində 21 filialı fəaliyyət göstərir. Səhmdar cəmiyyətin filiallarından 3-ü məhz bu bölgədə - Qubada, Xaçmazda və Şabranda yaradılıb. “Azərxalça”nın filiallarının və respublikamızda fəaliyyət göstərən özəl xalça istehsalı emalatxanalarının yun ipliklə təmin edilməsi və idxaldan asılılığın aradan qaldırılması üçün Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici-Boyaq Fabriki tikilib. Bu fabriki xammalla Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında yaradılan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri təmin edəcək. Həmin məntəqələrdə bu ilin mayından yun tədarükünə başlanılıb. Gələn ildən isə boyaq bitkiləri tədarük olunacaq. Tədarük olunan yun əyrilərək iplik istehsal ediləcək, həmin iplik də toplanan təbii boyaq bitkiləri ilə boyanacaq. Bildirilib ki, təbiətdə boyaq tərkibi olmayan heç bir bitki yoxdur. Bar verməyən ağacların belə, gövdəsi, yarpaqları rənglidir. Azərbaycanda 1500 növədək boyaq xüsusiyyətli bitki vardır. Bu boyaq bitkilərinin böyük əksəriyyəti Quba rayonu ərazisində mövcuddur.

Sonra bu ərazidəki meşədə yabanı halda bitən zoğal, zirinc, qoz, yemişan, əzgil, itburnu, çaytikanı, alça, armud, alma, palıd, gəndəlaş toplanıb, həmin boyaq bitkilərindən hansı rənglərin alındığı barədə ətraflı məlumat verilib. Boyaq bitkilərinin təbiətə zərər vurmadan necə toplanması əyani şəkildə tədbir iştirakçılarına izah edilib.