Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının Xızıdakı ev-muzeyi təmir olunur- Video

14 Oktyabr 2019 11:43

1956-cı ildən fəaliyyətə başlayan Cəfər Cabbarlının ev-muzeyi əsaslı təmir olunur. Tikinti işləri zamanı görkəmli dramaturqun yaşadığı evin özündə dəyişiklik edilməyəcək. Əsas iş qoruyucu şüşəbəndin daha müasir formada tikilməsi, muzeyin həyətində yeni inzibati otaqların inşası, istilik, işıqlandırma və təhlükəsizlik sisteminin qurulmasıdır. Tikinti işləri zamanı zərər görməməsi üçün qoruyucu şüşəbəndin içərisində yerləşən evin üzəri örtüklə bağlanıb.


Burada qorunan eksponatların əsasını Cəfər Cabbarlının ailəsinin məişətdə işlətdiyi əşyalar, yazıçının kitabları, səhnəyə qoyulan əsərlərindən fotoşəkillər, arxiv sənədləri və müxtəlif mətbuat orqanlarında çap edilən məqalələri təşkil edir. Muzeydə, ümumilikdə 520 eksponat saxlanılır.


Muzey noyabrın sonlarında təhvil veriləcək. Bundan sonra Mədəniyyət Nazirliyinin mütəxəssisləri ev-muzeyində daxili tərtibat işlərini həyata keçirəcək.