Xaçmazda poliatlon çoxnövçülüyü üzrə zona çempionatı keçirilib- Video

14 Oktyabr 2019 12:02

Xaçmaz Olimpiya İdman Kompleksində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə zona çempionatının qalibləri müəyyənləşib.

Çempionatda 8 rayonu təmsil edən komandanın tərkibində 50-ə yaxın gənc qalib adı uğrunda mübarizə aparıb.

Birincilik çağırış və çağırışyaşına qədərki gənclərin hərbi hazırlığının artırılması və onların ordu sıralarında xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə orta məktəblərin X-XI sinif şagirdləri arasında keçirilib.

Komandalar çempionatın proqramına uyğun olaraq 100 və 2 min metr məsafəyə qaçış, turnikdə dartınma, qumbara atma mərhələləri üzrə yarışıblar.

Çempionatın yekun nəticəsinə əsasən, Qusar komandası I yeri qazanaraq, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə zona çempionatının qalibi olub. Siyəzən məktəbliləri II, Şabran komandası isə III yeri tutub.

İlk üç yeri qazanan komandalar final mərhələsində iştirak hüququ qazanıblar, qalib məktəblilər diplomlarla təltif olunublar.