Xızıda 420 şagird yerlik yeni məktəb binasının tikintisi yekunlaşır- Video

14 Oktyabr 2019 12:15

Rafiq İsmayılov adına Xızı şəhər 1 nömrəli tam orta məktəb üçün inşa olunan yeni binada son tamamlama işləri gedir. İki mərtəbədən ibarət təhsil müəssisəsində 420 şagird təhsil alacaq.

Otuz sinif otağından ibarət tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunub.

Hazırda son tamamlama və tərtibat işləri aparılan məktəb binası ilin sonunda şagirdlərin ixtiyarına veriləcək.

Xızıda son 5 ildə 4 məktəb binası tikilib, 4-ü isə əsaslı təmir olunub. Hazırda rayonda 8-i tam, 6-sı ümumi olmaqla 14 təhsil müəssisəsi fəaliyyət göstərir.