Qusarda Qadın Resus Mərkəzi fəaliyyətə başlayıb- Video

18 Oktyabr 2019 15:26

Qusar rayonunda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb. Qusar rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Elman Mustafayev Azərbaycanda gender bərabərliyi sahəsində dövlət tərəfindən görülən mühüm işlərdən danışıb, ölkəmizin sosial-iqtisadi həyatında qadın sahibkarların rolunun böyük olduğunu söyləyib. Bildirilib ki, resurs mərkəzləri qadınların biznes bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, qadın və uşaqların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasətindən danışıb, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə əməkdaşlıq çərçivəsində görülən işləri diqqətə çatdırıb. Əminliklə bildirib ki, Qusar rayonunda açılan Qadın Resurs Mərkəzi qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqinə mühüm töhfə verəcək.

Layihənin ümumi məqsədi qadınların öz icmalarında, həmçinin cəmiyyətin iqtisadi və sosial həyatında daha fəal iştirak etməsi üçün lazım olan dəstəklə təmin edilməsidir. Birgə səylər xüsusi olaraq kənd və rayon qadınlarının sahibkarlıq bacarıqlarının və iş potensialının gücləndirilməsi, işgüzar əlaqələr və şəbəkələr vasitəsilə qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasına yönəlib.

Diqqətə çatdırılıb ki, paytaxtın Xəzər, eləcə də Qusar və Sabirabad rayonlarında 530-a yaxın qadın regional Qadın Resurs mərkəzləri şəbəkəsinə qoşulub. Bacarıqların artırılması təlimləri çərçivəsində 310 qadın kompüter elmləri kursları, maliyyə savadlılığı və ailə büdcəsinin inkişafı üzrə ixtisaslaşdırılmış təlim kurslarından faydalanıb. Qadın Resurs mərkəzləri AQUPDK və rayonların yerli icra hakimiyyətlərinin əsaslı və davamlı dəstəyi ilə fəaliyyət göstərir.

Mərkəzin açılış mərasimində “Öz biznesinə başla və inkişaf et” müsabiqəsinin qaliblərinə və sahibkarlıq fəaliyyətinə başlamaq üçün qrantla təmin edilən qadınlara sertifikatlar təqdim olunub.