Xaçmazda Aşıq Ələsgərə həsr olunan poeziya məclisi keçirilib- Video

21 Oktyabr 2019 15:46

Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan aşıq sənətində dərin iz qoyub. Qədirbilən xalqımız ustad sənətkarı daim anacaq və onun yazdığı ölməz şeir nümunələri heç vaxt yaddaşlardan silinməyəcək.

Bu barədə Azərbaycan Aşıqlar Birliyinin təşəbbüsü ilə Xaçmazda keçirilən Aşıq Ələsgərə həsr olunmuş poeziya məclisində bildirilib.

Məclis açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyi ərazisində ustad sənətkarın büstü qarşısında təşkil olunub.

Aşıq Ələsgər bir böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənəsini, toyunu-yasını, sevincini-kədərini, ictimai dərdlərini çox böyük ustalıqla, uca sənətkarlıqla öz əsərlərində əks etdirib. Onun əsərlərində Azərbaycan təbiəti, onun dağları, düzləri, çayları, gölləri, bulaqları, göy yaylaqları bütün ətri, təravəti və gözəlliyi ilə öz əksini tapıb.

Tədbirdə qeyd edilib ki, aşıq sənəti həm Azərbaycan xalq ədəbiyyatının, həm də ümumiyyətlə mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biridir. Bu sənətin inkişafına həmişə dövlət qayğısı olub, aşıqlarımız, bu sahədə çalışan digər ifaçılar fəxri adlara layiq görülüblər. Artıq aşıq sənətinin inkişafı yeni mərhələyə qədəm qoyub. Azərbaycan aşıq sənətinin UNESKO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilməsi böyük uğurdur.