Şimal regionunda 12 modul məktəb inşa olunur- Video

22 Oktyabr 2019 15:27

Şimal bölgəsində 12 məktəb üçün yeni modul tipli bina quraşdırılır.  Bu təhsil ocaqları istifadəyə verildikdən sonra 900 məktəblinin tədris şəraiti yaxşılaşacaq.

Xaçmaz rayonunun Fərzəlioba kəndində də 96 yerlik modul tipli binanın quraşdırılması işləri yekunlaşmaq üzrədir. Şəhid Çingiz Harunovun adını daşıyan ümumi orta məktəbin yeni binası yanğın xəbərdarlıq sistemi, istilik, işıq, su təchizatı, internet, inventar və avadanlıqlarla təmin olunacaq.

2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin direktor müavini Fərhad Əmrahov bildirib ki, şimal bölgəsində istifadəyə verilməsi nəzərdə tutulan 12 modul tipli məktəb binasının əksəriyyətində quraşdırma işləri yekunlaşıb. Qubada 5, Xaçmazda 4, Qusar rayonunda isə 3 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Son iki ildə şimal bölgəsində 38 modul tipli məktəb binası istifadəyə verilib.

Bu binaların üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.

Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra Qubanın Ərməkiqışlaq, Susayqışlaq, Yalavanc, Qıraqlı-Cəkli, Küpçalqışlaq, Qusarın Ləzə, Cağar, Yasaboba, Xaçmazın Fərzəlioba, Padar, Ağaverdioba, Qaraçaycek məktəblərinin şagirdləri müasir binada təhsil alacaqlar.