Azərbaycana ting idxalının qarşısı üç il ərzində yerli istehsal hesabına alınacaq- Video

31 Oktyabr 2019 17:24

2022-ci ilədək yerli istehsal hesabına Azərbaycana xaricdən ting idxalının qarşısı alınacaq. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki institutlar və elmi-tədqiqat mərkəzlərinin, həmçinin tingçiliklə məşğul olan fərdi sahibkarların son illərdə bu sahədə əldə etdiyi nailiyyətlər bunu deməyə əsas verir. Yaxın gələcəkdə fermerlərin sağlam əkin materialları ilə tam təminatında heç bir çətinlik olmayacaq.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu (MÇETİ) ilə birgə Qubada gənc alim və mütəxəssislər üçün təşkil etdiyi elmi-praktiki konfransda bildirilib. "Kənd təsərrüfatı işçiləri günü"nə həsr olunan tədbir “İnnovativ düşüncələrinizi reallaşdırın!” mövzusunda keçirilib.

Diqqətə çatdırılıb ki, qloballaşan dünyada hər hansı bir sahəni innovasiyalarsız təsəvvür etmək mümkün deyil. Kənd təsərrüfatı sektorunda da nailiyyətlərin əldə olunması məqsədilə innovativ texnologiyalardan geniş istifadə etmək qarşıya qoyulan əsas məqsədlərdəndir. Aqrar sahədə innovasiyaların tətbiqi gəncləri səfərbər etməyə imkan verən vacib vasitələrdən biridir. Gənclərin innovasiyalara meyilli olması onları bu sektorla maraqlanmağa sövq edir.

Daha sonra Meyvəçilik və Çayçılıq, Üzümçülük, Tərəvəzçilik, Əkinçilik və Baytarlıq Elmi-Tədqiqat institutlarının gənc alim və mütəxəssisləri mövzu ətrafında çıxışlar edib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində iştirakçılar MÇETİ-nin laboratoriyaları və istixana kompleksi həmçinin Zərdabi adına Elmi Təcrübə Bazasındakı tingçilik təsərrüfatı ilə yaxından tanış olublar. Gənc alim və mütəxəssislərə məlumat verilib ki, institutda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan eyni bitkilərin alınması mümkündür. Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinglərinə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. İnstitutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.