Qubanın 12 yaşayış məntəqəsinə təbii qaz veriləcək- Video

05 Noyabr 2019 15:10

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Quba şəhərinin yaxınlığında yerləşən Dəvədabanı yaşayış massivinin qazlaşdırılması işləri yekunlaşır. 3 min nəfərdən çox əhalisi olan massivin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 73 min metrə yaxın olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkilib. Hazırda, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılır.

Tikinti işləri başa çatdıqdan sonra burada 700-dən çox abonent ilk dəfə “mavi yanacaq”la təmin ediləcək.

Hazırda Quba rayonunun dağlıq ərazilərində yerləşən Təngəaltı, Afurca, Kunxırt və Qonaqkənd kəndlərində qazlaşdırma işləri başa çatmaq üzrədir.

Bundan başqa, rayonun 6 kəndini yüksəktəzyiqli təbii qazla təmin etmək üçün Küpçalqışlaq kəndi ərazisində yeni qazpaylayıcı stansiyanın inşası da yekunlaşır.

Dövlət Proqramına uyğun olaraq, ilin sonuna kimi ümumilikdə 11 kənd və şəhərin yeni yaşayış massivində 2623 abonentin təbii qazla təminatı nəzərdə tutulub.