Xaçmazda Fransadan gətirilən taxıl növlərinin səpini aparılıb- Video

07 Noyabr 2019 16:48

Xaçmazda Fransadan gətirilən arpa və buğda sortları əkilib.

Yüksək məhsuldarlıq və sərt hava şəraitinə uyğunlaşmasına görə seçilən xarici sortların səpini ilkin olaraq 100 hektar sahədə həyata keçirilib.

Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin sahəsində aparılan səpin zamanı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin, həmçinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən fermerlərə yeni taxıl sortları barədə ətraflı məlumat verib, əkin texnologiyası nümayiş etdirilib.

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bildirib ki, hazırda kənd təsərrüfatında dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan müasir texnologiyaların Azərbaycanda tətbiqi ilə bağlı pilot layihələr həyata keçirir.

Fransa şirkəti ilə bağlanmış müqavilə əsasında Xaçmaz rayonunda yumşaq buğdanın iki və arpanın bir sortunun sınaq əkini həyata keçirilib. Burada əsas məqsəd yeni sortların üstünlüklərini yerli sortlarla müqayisəli şəkildə tədqiq etməkdir.

Xaçmaz rayonunda buğdanın orta məhsuldarlığı hər hektara görə 30-40 sentner təşkil edir. Fransadan gətirilən buğda sortlarının məhsuldarlığı isə 60 sentnerdən yuxarıdır. Sınaqdan keçirilən yeni arpa sortu isə pivə istehsalı üçün daha faydalıdır.