"Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində 400-dən çox məktəbli Quba və Qusara gəlib- Video

14 Noyabr 2019 16:34

Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Quba rayonunun görməli yerlərini gəziblər. Qədim Qubaya ekskursiya dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başlayıb. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzib, eləcə də Qudyalçayın üzərindəki Tağlı körpü ilə tanış olublar. Zəngin memarlıq üslubuna malik Cümə məscidi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, məbəd 1802-ci ildə tikilib. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.

Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı tur-aksiya iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılan sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.