Quba və Qusarda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb- Video

18 Noyabr 2019 16:02

Quba və Qusarda yerləşən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəlikləri fəaliyyətə başlayıb. Nümayəndəliklərin əsas fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir.

Prezidentin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

Bildirilib ki, ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılan şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı Prezidentin verdiyi göstərişə uyğun olaraq, bir müddət əvvəl Cəlilabad və Masallı rayonlarında Gənclərin İnkişaf və Karyera mərkəzləri fəaliyyətə başlayıb. Bu ilin sonu və növbəti ilin ilk rübü ərzində isə ölkənin bütün şəhər və rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaq.

Tədbir iştirakçıları üçün Quba və Qusar rayonlarındakı Heydər Əliyev mərkəzlərində fəaliyyət göstərən muzeylərə ekskursiya təşkil olunub, eyni zamanda, mərkəzlərin imkanları barədə onlara ətraflı məlumat verilib. Həmçinin region gəncləri “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər. Tədbirlər musiqili-əyləncəli proqram və intellektual oyunlarla davam etdirilib.