Azərbaycanda bitkilərin çoxaldılmasında müasir üsullardan istifadə olunur- Video

18 Noyabr 2019 16:21

Meyvəçilik və Çayçılıq ETİ-nin biotexnologiyla laboratoriyasının  iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan çox sayda eyni bitkilərin alınması mümkündür. Laboratoriyada bir tumurcuqdan 105-107 yeni bitki alınır. Həmin bitkilər 4 mərhələdən keçdikdən sonra açıq sahələrə köçürülə bilər. Bitkinin tumurcuğundan alınan tingin açıq şəraitdə əkilməsi üçün 6 aya qədər vaxt lazımdır.

İnstitutun laboratoriyasında hazırlanan bitkilər əkin materialı hesab olunur. Həmin tinglər tez məhsula düşməklə yanaşı zərərvericilərə qarşı da dözümlüdür. Üzümçülük və Şərabçılıq  ETİ-nu ilə əldə olunan elmi anlaşmaya əsasən hazırda yerli üzüm sortlarının mikroklonal üsulla çoxaldılması işləri aparılır.

Hazırda ölkəyə il ərzində xaricdən 5 milyon ədəd ting və calaqalatı ixrac olunur. İnstitutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bundan sonra labaratoriyanın gücünü artırmaqla xaricdən ting idxalını birdəfəlik aradan qaldırmaq mümkün olacaq.